Dünyada koronavirusa həftəlik yoluxmada antirekord qeydə alınıb

Dünyada koronavirusa həftəlik yoluxmada antirekord qeydə alınıb Dünyada son bir həftə ərzində 21 milyondan çox insan koronavirusa yoluxub, bu pandemiya başlayandan bəri ən yüksək həftəlik göstəricidir.
Sağlamlıq
26 Yanvar , 2022 05:44
Dünyada koronavirusa həftəlik yoluxmada antirekord qeydə alınıb

Dünyada son bir həftə ərzində 21 milyondan çox insan koronavirusa yoluxub, bu pandemiya başlayandan bəri ən yüksək həftəlik göstəricidir.

“Report” xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.

Aşkar edilmiş yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 5%, ölüm halları isə 1% artıb. Belə ki, yanvarın 17-dən 23-dək 21 362 288 nəfərin koronavirus testi müsbət olub. Yeddi gün ərzində 49 890 ölüm halı qeydə alınıb ki, bu da bir həftə əvvəlkindən 1% çoxdur.

Ötən həftə (10-16 yanvar - Red) ilə müqayisədə yoluxanların sayında artım Şərqi Aralıq dənizində (39%), Cənub-Şərqi Asiyada (36%) və Avropada (13%) qeydə alınıb. Avropada bir həftə ərzində yoluxanların sayı 10 milyonu ötüb və bu, dünyada yeni yoluxma hallarının 47%-ni təşkil edir.

Koronavirus səbəbilə baş verən ölüm halları xüsusilə Cənub-Şərqi Asiyada 44% və Şərqi Aralıq dənizində 15% artıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yanvarın 25-nə pandemiyanın başlanğıcından bəri dünyada 352 796 704 yoluxma və 5 600 434 ölüm faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi