Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.
Bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:
"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".
Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:
"Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".