“Əməkdar artist Bəhram Bağırzadə süni nəfəs aparatından ayılıb və şüuru açıq vəziyyətdədir”.
Bunu “Report”a açıqlamasında əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
Məlumat üçün bildirək ki, B.Bağırzadə iki gün əvvəl ECMO cihazından ayrılıb.
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.