Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V yubiley görüşü keçirilir.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömuraliyev iştirak edirlər.
Müzakirə gündəliyində TDT ölkələrində səhiyyə sisteminin inkişafı, tibb və əczaçılıq sənayesi sahəsində tərəfdaşlığın inkişaf imkanları, beynəlxalq təşkilatların TDT səhiyyəsində rolu, 2025-2026-cı illər üçün Tədbirlər Planının təsdiqlənməsi məsələləri var. Bu Plana əsasən xüsusilə səhiyyə sahəsində texnologiyaların işlənməsi və transferi, kadr potensialının gücləndirilməsi və s. məsələlərdə əməkdaşlıq istiqamətləri müəyyən ediləcək.
Tədbir çərçivəsində səhiyyə sahəsində aktual məsələlər müzakirə olunacaq, tibb ekspertləri, alimlər, təhsil və elmi təşkilatların nümayəndələri arasında təcrübə və bilik mübadiləsi baş tutacaq.
Görüşün yekununda Birgə Bəyannamənin imzalanması planlaşdırılır. Həmin sənədə görə, onu imzalayanlar rəqəmsal səhiyyənin həyati əhəmiyyətli rolunu tanıyır, TDT-yə üzv dövlətlərdə və müşahidəçi ölkələrdə elektron resept də daxil olmaqla rəqəmsal tibbi həllərin istifadəsi üçün bilik və təcrübə mübadiləsi barədə razılaşırlar.
Sənəddə TDT üzv və müşahidəçi ölkələrinin vahid tibbi elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsilin vahid standartlarının müəyyənləşdirilməsi, fasiləsiz tibbi təhsilin təmin edilməsi, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi və s. təklif olunur.

