Azərbaycana təhlükəli GMO xammallı qida məhsullarının gətirilməsi mümkün deyil.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yalnız icazə verilən və qeydiyyata düşən nəzarət olunan fermentləri özündə daşıyan GMO ilə yüklənmiş yemlərin ölkəyə qeydiyyatı və idxalı mümkün hala gəlib:
“Dünyada son 30 ildə yayılan yoluxucu xəstəliklərin təxminən 75 %-i heyvanlardan qaynaqlanan xəstəliklərdir. Eyni zamanda hazırda heyvanlarda 1,5 milyon ətrafında öyrənilməmiş müxtəlif virusların təxminən yarısının insanları yoluxdurmaq potensialı var. Ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi insan və heyvan sağlamlığına ciddi təsir göstərir. Bu da vahid sağlamlıq konsepsiyasının əsasını təşkil edən əsas məsələlərdəndir”