İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən ictimai müzakirələrdə Yeni Xidmətlər Zərfinə 31 yeni oftalmoloji xidmətin əlavə olunması təklif olunub.
Bu barədə "Report"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xidmətlər Zərfinə təklif olunan yeniliklərlə bağlı keçirilən ictimai müzakirədə çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənməkdir
Qurumun Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, yeni Xidmətlər Zərfində xidmətlərin adlarının 70 %-də dəyişiklik edilib.
Onun sözlərinə görə, tibbi xidmətlərin adı daha dolğun və izahlı yazılıb: "Yeni Xidmətlər Zərfinə mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə bağlı 21 yeni xidmət əlavə olunub. Bundan başqa 31 yeni oftalmoloji xidmətin əlavə olunması təklif olunur".