Gürcüstanın Xarici İşlər Nazirliyində Ukrayna səfiri İqor Dolqovla keçirilən görüş başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, görüşdə Mixeil Saakaşvilinin bəyanatları ilə yanaşı, Ukrayna vətəndaşlarının Gürcüstandan təxliyəsi, pandemiya ilə mübarizə və qarşılıqlı dəstək məsələlərinin də müzakirə olunduğunu bildirib.
İ.Dolqovun sözlərinə görə, M.Saakaşvili Ukraynanın rəsmi şəxsi deyil: “O, Gürcüstanın vətəndaşı olmasa da, hər zaman gürcü olaraq qalacaq. Gürcüstan Mixeil Saakaşvilinin həyatının vacib hissəsi olub və bu, indi də belədir”.
*** 17:22
Ukrayna səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, səfir XİN-in binasına daxil olmamışdan öncə mətbuat nümayəndələrinə açıqlama verməkdən imtina edib.
Hazırda Nazirlikdə İ.Dolqovla görüş keçirilir.
Qeyd edək ki, səfirin XİN-ə çağırılması Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son bəyanatı ilə bağlıdır.
*** 13:06
“Ukraynanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması nəzərdə tutulub”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, səfirin XİN-ə çağırılması Mixeil Saakaşvilinin son bəyanatları ilə bağlıdır.
Nazir qeyd edib ki, həmin bəyanatlar Ukrayna vətəndaşının Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir.
Qeyd edək ki, M.Saakaşvili “Facebook” səhifəsində videmüraciət yayaraq Gürcüstanın dağıdılması prosesini sakit müşahidə etmək niyyətində olmadığını deyib.