Tbilisi. 17 oktyabr. REPORT.AZ/ “Bu ilin sonundan etibarən Tbilisidə MAN markalı sərnişin avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin olunacaq”.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı yalnız avtoparkın yenilənməsi və yeni marşrut xətlərinin açılması ilə kifayətlənmir: “İctimai nəqliyyatı əlavə xidmətlərlə təchiz etmək də inkişafın bir hissəsidir. Hesab edirik ki, ilin sonunda MAN markalı avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin etmək imkanımız olacaq. Vətəndaşlara həmin avtobuslarda pulsuz internetden istifadə etmək imkanı verilməlidir”.
K.Kaladze həmçinin deyib ki, sarı rəngli sərnişin avtobusları yeniləri ilə əvəz olunacaq və 2019-cu ilin sonuna qədər avtopark tam yenilənəcək.