Ermənistanın İctimai Xidmətlərin Nizama Salınması üzrə Komissiyası "Qazprom Ermənistan" şirkətini 20 min dollar cərimələyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Komissiya bəzi hallarda şirkətin abunəçilərin şəbəkəyə qoşulması qaydalarına riayət etmədiyini hesab edərək "Qazprom Ermənistan" şirkətini 10 milyon dram (20 min dollardan çox- red) " cərimələyib", - deyə xəbərdə bildirilir.
Şirkətin baş mühəndisi Aşot Akopyan bildirib ki, "Qazprom Ermənistan" şirkəti qərarla razı deyil. "Qeyd edə bilərik ki, biz abunəçilərin təhlükəsizliyinin zərər çəkməsi ilə bağlı heç bir hərəkət etməmişik", - o bildirib.
Şirkətdə həmçinin qeyd ediblər ki, bəzi hallarda qoşulma məntəqələri - yaşayış evləri və müəssisələr texniki tələblərə uyğun olmayıblar. Buna görə qoşulma mümkün olmayıb.
Rusiyanın "Qazprom" şirkətinə aid olan "Qazprom Ermənistan" Ermənistan bazarına qazın təchizatçısıdır.
Daha əvvəl bildirilib ki, Rusiya təbii qazın qiymətini yenidən nəzərdən keçirdikdən sonra "Qazprom Ermənistan" şirkətində vəziyyət dəyişib, şirkət "qəpikləri də saymağa" başlayıb.