Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2020-ci il üçün dövlət büdcəsi təsdiq olunub.
“Report”un yerli bürosu xəbər verir ki, maliyyə sənədində Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən ayrılacaq vəsait 47 min lari (28 min manata yaxın) həcmində müəyyən olunub.
Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsi, 16 min larisi isə əmtəə və xidmətlər üçün nəzərdə tutulub. Muzey il ərzində 2 min lari (1 165 man) həcmində qanunla icazə verilən gəlir də əldə edə biləcək.
Parlamentdə büdcəni təqdim edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani gələn ilin yanvarından ölkədə teatr və muzey işçilərinin əməkhaqqılarının orta hesabla 100 lari (58 man) məbləğində artırılacağını bildirib. O qeyd edib ki, 2020-ci il büdcəsində teatr və muzeylərin maliyyələşdirilməsi 5,3 milyon lari həcmində artırılıb.