Türkmənistanın Xalq Şurası ölkədə ikipalatalı parlamentin yaradılmasını nəzərdə tutan "Türkmənistan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında" konstitusiya qanunu layihəsini yekdilliklə təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Türkmənistanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Konstitusiya qanunu layihəsini müzakirə etdikdən sonra iclasa rəhbərlik edən ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov sənədin təsdiqlənməsi üçün qətnaməni səsverməyə qoyub. Qətnamə yekdilliklə qəbul edilib və dövlət başçısı Şura sədri olaraq onu imzalayıb.
Konstitusiya qanununa görə, Türkmənistanın ikipalatalı yeni qanunverici orqanı Milli Şura adlanacaq. Milli Şura Xalq Şurası və Məclisdən ibarət olacaq.
Yeni qanun 2021-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.