Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq.
Bunu "Report"un Türkiyə bürosuna Qaziantep vilayətinin Böyük Şəhər Bələdiyyəsinin sədri Fatma Şahin bildirib.
Azərbaycanla Türkiyə bələdiyyələri arasında 23 şəhərin qardaş şəhər elan edildiyini xatırladan F.Şahin deyib ki, Qaziantepin də bu sırada yer alması üçün yaxın günlərdə rəsmi danışıqlar olub: “Sentyabrın 11-də Kahramanmaraşda Azərbaycan məktəbinin açılışında Azərbaycanın Türkiyədəki səfiri ilə söhbətimiz oldu. Bildirdim ki, Qaziantepin Azərbaycanın bir şəhəri ilə qardaş bələdiyyə şəhəri olmaq planı var".
Bələdiyyə sədrinin sözlərinə görə, onun bu təklifi dəyərləndirilib və yaxın zamanda Azərbaycana edəcəyi səfər çərçivəsində bu məsələni bir daha gündəmə gətirəcək.
F.Şahin qeyd edib ki, Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinə dayaq olması artıq bütün dünya üçün nümunədir: "Keçənilki dəhşətli zəlzələ zamanı bizə ilk kömək Azərbaycandan gəldi və hələ də qanayan yaralarımıza azərbaycanlı qardaşlarımız məlhəm olur".