Coğrafiyamızdakı bütün hüquqşünas və mediatorların bir-birini yaxından tanıması üçün təşviqlər həyata keçirəcəyik.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel bildirib.
Birliyin 20 noyabr 2023-cü ildə qurulduğunu deyən sədr qısa müddət ərzində böyük uğurlara nail olduqlarını qeyd edib.
O deyib ki, noyabrın 28-dən dekabrın 1-dək Ankarada keçirilən Türkdilli Dövlətlərin Mediatorlarının I Beynəlxalq Qurultayına Azərbaycan, Qazaxıstan, Özbəkistan, Belarus, Litva, Şimali Kipr Türk Respublikası, Macarıstan daxil olmaqla 10 ölkədən qonaqlar qatılıb. Türkiyədən 400-ə yaxın iştirakçı, Azərbaycandan 85 nümayəndə təmsil olunub.
Birliyi qurarkən 7-8 ay içində 11 ölkəyə səfər etdiklərini deyən Y.Erikel 2024-cü ili “Tanışlıq ili” elan etdiklərini bildirib. O, 2025-ci ildə bu fəaliyyətləri yeni mərhələyə keçirmək niyyətində olduqlarını vurğulayıb.
Qarşıdakı planlardan da bəhs edən qurum sədri üç əsas hədəflərinin olduğuna diqqət çəkib: “Şimali Kipr Türk Respublikasında vəkil Rauf Denktaş adına mediatorçuluq institutunu quracağıq. İkinci hədəf kimi 2025-ci ildə Macarıstanda hüquq turizmi təşkil etmək niyyətindəyik. Tanış olduğumuz bütün hüquqçularla Macarıstanda birhəftəlik təhsil və səfər proqramı təşkil etməyi planlaşdırırıq. 3-cü proqramımız isə bu coğrafiyadakı hüquq fakültəsi tələbələrini bir araya gətirən mərkəzlərin qurulması ilə bağlıdır”.
2030-cu ilədək yaxın coğrafiyadakı bütün vəkil və mediatorları bir araya gətirməyi qarşısına məqsəd qoyan qurumun rəhbəri bu hədəfin 2040-cı ildə bütün dünyanı əhatə edəcəyinin mümkün olduğunu qeyd edib.