Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ölkəsinin Ukraynanı bir dövlət olaraq yox etmək, ölkəni ruslaşdırmaq məqsədinin olmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya heç vaxt Ukrayna dövlətçiliyinin yox edilməsi və deukrainizasiya məqsədi güdməyib”.
Onun sözlərinə görə, Rusiya “xüsusi hərbi əməliyyat”da Ukrayna xalqı ilə deyil, oradakı “cinayətkar millətçi rejim”lə savaşır.
Xatırladaq ki, aprelin 3-də - Buça qətliamının ortaya çıxmağa başladığı eyni gündə Rusiyanın dövlət agentliyinin saytında “Rusiya Ukrayna ilə nə etməlidir” adlı köşə yazısı dərc olunub. Burada müəllif qonşu ölkənin “denasifikasiyası”nın necə həyata keçirilməli olduğunu təsvir edib.
Köşə yazısında qeyd olunub ki, Ukrayna xalqının “əhəmiyyətli hissəsi” “nasist rejimi”nin siyasətinə cəlb olunub və “xalq yaxşıdır – hökumət pisdir” norması bu durumda işləməyəcək. Buna görə də, müəllif hesab edir ki, “denasifikasiya” “texniki cəhətdən hərbi cinayətkarlar kimi birbaşa cəzaya məruz qala bilməyən nasistləşdirilmiş əhali kütləsi” “denasifikasiya”ya məruz qalmalıdır. Müəllif Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini, milli taborlarını və ərazi müdafiəsinin üzvlərini “döyüş meydanında maksimum dərəcədə” məhv etməyi təklif edib.
Məqalə müəllifi “denasifikasiya”nı “nasist ünsürlərin ideoloji repressiyası və sərt senzura”nın vasitəsilə gerçəkləşdirməyi irəli sürüb.
Müəllifin fikrincə, “denasifikasiya” prosesi mahiyyət etibarilə özündə “deukrainizasiya”nı əks etdirəcək. Müəllif qeyd edib ki, “Ukrayna” adı ümumiyyətlə saxlanılmamalıdır.
Yazıdan 2 gün sonra - aprelin 5-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri, keçmiş prezident Dmitri Medvedev ukraynalıları ekstremizmdə ittiham edib və Ukraynanı Üçüncü Reyxlə müqayisə edib.
Həmin məqalənin dərcindən üç gün sonra eyni dövlət agentliyi digər köşə yazarının “Rusiya Ukraynada nə uğrunda mübarizə aparır” məqaləsini dərc edib və orada müəllif “rusların öz torpaqlarını nasistlərdən azad etməyə gəldiyini” bildirib, baş verənlərdə isə Qərb ölkələrini günahlandırıb.
Eyni zamanda, qeyd edək ki, hələ fevralın 24-də - Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün birinci günündə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilənin məqsədlərindən birini ölkənin “denasifikasiyası”nın zəruriliyi adlandırıb. Nə Putin, nə də Rusiya rəhbərliyinin digər nümayəndələri bunun nə demək olduğunu izah etməyiblər. Kiyevdə də bu sözün mənasını anlamadıqlarını vurğulayıblar.