"Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi mülki missiyası kəşfiyyat xarakterlidir və rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş sülhməramlı missiya deyil".
Bunu "Report"a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
Onun fikrincə, missiya, ilk növbədə, Rusiya sülhməramlılarının monitorinqini həyata keçirəcək, Rusiyanı Ermənistandan və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planının hazırlanması ilə məşğul olacaq: "İrəvan hazırda bu məsələdə Moskvaya qarşı heç də dost mövqedən çıxış etmir".
Ekspert vurğulayıb ki, Ermənistan 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən imtina edir: “Ermənistan açıq-aşkar sülh müqaviləsinin imzalanması istiqamətində istənilən irəliləyişə əngəl törədir”.
Y.Mixaylovun sözlərinə görə, böyük dövlətlər Rusiyaya qarşı mübarizədə Ermənistandan istifadə edirlər: "Paris Ermənistanın tərəfindədir, Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı mübarizədə Ermənistanı dəstəklədiyini bildirib. Ermənistan artıq üç cəbhədə oynayır, onların qondarma tərəfdaşlarının davranışları getdikcə daha çox heyrət doğurur ki, Rusiya da buna cavab verməli olacaq”.