Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun qətli ilə bağlı Özbəkistan vətəndaşı saxlanılıb.
Bu barədə “Report”un Rusiya bürosu Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən xəbər verir.
"FTX Rusiya Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada Ryazan prospektində yaşayış binasının yanında əldəqayırma partlayıcı qurğunu partladan 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşını müəyyən edib və saxlayıb. Terror aktını törədən şəxsin Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alındığı müəyyən olunub", - məlumatda qeyd edilib.
Qurumdan bildirilib ki, Özbəkistan vətəndaşına 100 min ABŞ dolları məbləğində mükafat və Avropa İttifaqı ölkələrindən birində yaşamaq vəd edilib. FTX-nin məlumatına görə, iş üzrə şübhəli şəxs Moskvaya gəlib, əldəqayırma partlayıcı qurğu alıb və onu İ.Kirillovun evinin yaxınlığında saxladığı skuterə quraşdırıb.
FTX-nin məlumatına görə, zabitlərin binadan çıxması barədə videosiqnal alındıqdan sonra əldəqayırma partlayıcı qurğu uzaqdan işə salınıb.
"Saxlanılan şəxs Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsi (terror aktı), 105-ci maddəsinin 2-ci hissəsi (qətl), 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya qurğuların qanunsuz saxlanması), 223.1-ci maddəsinin 3-cü hissəsi (partlayıcı maddələrin və ya qurğuların qanunsuz hazırlanması) üzrə açılmış cinayət işi çərçivəsində qanunsuz fəaliyyətinin sənədləşdirilməsi üçün Rusiya İstintaq Komitəsinə təhvil verilib", - qurumdan bildirib.
Qeyd edilib ki, törədilmiş cinayətlərin məcmusuna görə "ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər".
"Terror aktının təşkilində əli olan Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları axtarışa veriləcək və layiqli cəzalarını alacaqlar", - FTX əlavə edib.
Xatırladaq ki, Moskvada baş verən hadisə nəticəsində Silahlı Qüvvələrin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi ölüb.