Qazaxıstanda milli əlamətə görə təzyiq yoxdur, bütün etnik qrupların nümayəndələri, o cümlədən azərbaycanlılar, yaşamaq və inkişaf etmək üçün bərabər imkanlara malikdirlər.
Bu barədə “Report”a müsahibəsində "Бірлік" Azərbaycan Etnomədəni birliyinin sədr müavini, Qazaxıstan Xalqları Assambleyasının (QXA) üzvü Elgün Canaliyev bildirib.
"Azərbaycanlılar, digər millətlərin nümayəndələri kimi ölkənin həyatında - təhsil sistemindən tutmuş əmək fəaliyyətinə qədər fəal iştirak edirlər. Bütün etnosların uşaqları Qazaxıstanın uşaq bağçalarına getmək, məktəblərdə və universitetlərdə təhsil almaq üçün bərabər imkanlara malikdirlər", - o qeyd edib.
E.Canaliyevin sözlərinə görə, Qazaxıstanda hər bir xalqa bərabərlik və hörmət prinsipi dövlət səviyyəsində təsbit edilib: "Bu prinsip "ölkədə etnik dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verən" Qazaxıstan Xalqları Assambleyasının fəaliyyəti vasitəsilə həyata keçirilir".
O, həmçinin vurğulayıb ki, ölkədə etnosların dillərinin və mədəni ənənələrinin qorunması üçün şərait təmin edilib: "Qazaxıstanda hər bir etnomədəni birliyin nəzdində mədəni ənənələrin qorunması və ötürülməsində mühüm rol oynayan Ağsaqqallar Şurası mövcuddur. Yaşlı nəsil gənclərə ana dilini və adət-ənənələrini ötürür, mədəni irsin qorunmasına yönəlmiş mədəni tədbirlər təşkil olunur".