Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də həmkarı Recep Tayyip Erdoganla xarici siyasət, energetika və imzalanması gözlənilən 100 milyard dollarlıq ticarət sazişini müzakirə etmək üçün Ankaraya səfərə gəlib.
"Report"-un TASS-a istinadən məlumatına görə, iki liderin iştirakı ilə keçirilən Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasının yekununda 8 sənəd imzalanıb.
Sazişlər arasında ticarət və energetika sahələrini əhatə edən sənədlər də mövcuddur. Qeyd edilib ki, Türkiyədə Atom Elektirik Stansiyasının tikintisi ilə bağlı əhəmiyyətli razılıq da əldə olunub.
Daha sonra Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin birgə mətbuat konfransı keçiriblər.
Vladimir Putin bəyan edib ki, Türkiyəyə ixrac edilən təbii qazın qiyməti 2015-ci il yanvarın 1-dən etibarən 6 faiz ucuzlaşacaq.
Türkiyənin enerji ehtiyaclarının qarşılanması üçün "Mavi Axın Boru Xətti"-nin tutumunun artırılması mövzusunda da razılaşma əldə edilidiyini qeyd edən Putin Türkiyəyə ildə 3 milyard kubmetr əlavə qaz satacaqlarını deyib.
Rusiya prezindenti həmçinin "Cənub axını" qaz kəmərinin tikintisinin dayandırılacağını bəyan edib.
Qeyd edək ki, “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetr idi. Kəmərin 2015-ci ildə işə salınması gözlənilirdi. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tuturdu. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaqdı. Layihəyə görə bu qaz kəməri iki hissəyə ayrılacaqdı. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcəkdi.