Rusiya Prezidenti Vladimir Putin Ər-Riyadda aparılan danışıqların nəticəsini yüksək qiymətləndirdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin qeyd edib ki, Rusiya və ABŞ diplomatlarının çıxarılması yaxşı heç nə vəd etmir, buna görə də diplomatik nümayəndəliklərin fəaliyyəti bərpa olunacaq.
RF Prezidenti Ər-Riyadda Rusiya-ABŞ danışıqları haqqında ona məruzə edildiyini bildirib.
"Mənə məruzə etdilər, danışıqları yüksək qiymətləndirirəm, nəticə var", - Putin Sankt-Peterburqda pilotsuz uçuş aparatlarının istehsal edildiyi zavodda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ arasında dialoqda vasitəçilərə ehtiyac yoxdur.
Putin həmçinin xatırladıb ki, Rusiya və ABŞ bir ildən sonra qüvvədən düşəcək Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi ilə bağlı məsələni həll etməlidir.
Səfirliklərin işinin bərpasından danışan Rusiya Prezidenti qeyd edib ki, RF və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmır və diplomatik nümayəndəliklərin fəaliyyəti bərpa olunacaq.
"Biz diplomatik idarələrin normal rejimdə fəaliyyətini bərpa etməklə bağlı razılığa gəldik. Vaşinqton və Moskvadan olan diplomatların hər iki ölkə ərazisindən daim çıxarılması yaxşı nəticələnmir. Əgər iş belə davam edərsə, bu binalarda yalnız xadimələr işləyəcək, şübhəsiz ki, onların da əməyinə qiymət verilməlidir, amma diplomatik nümayəndəliklər bunun üçün yaradılmır", - Putin əlavə edib.