​NATO-nun 4 döyüş gəmisi Qara dənizə daxil olur

Region
  • 04 mart, 2015
  • 13:19
​NATO-nun 4 döyüş gəmisi Qara dənizə daxil olur

Bakı. 4 mart. REPORT.AZ/ NATO-nun 4 döyüş gəmisi yaxın saatlarda Qara dənizdə olacaq.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Rusiya Hərbi Dəniz Donanması Baş Qərargahı məlumat yayıb.

"Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin "Ticonderoga-Vicksburg" tipli kreyseri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Turqut reis" freqatı Qara dənizdədir. Yaxın saatlarda onlara İtaliyanın "Aliseo" və Kanadanın "Fredericton" freqatları da qoşulacaq", - Rusiya Hərbi Dəniz Donanması Baş Qərargahının təmsilçisi bildirib.

Onun sözlərin görə, Türkiyə və ABŞ-ın hərbi gəmiləri hazırda Qara dənizin cənub-qərbində, Türkiyə sahillərindədir: "Onlar Qara dənizə bu gün səhər daxil olublar".

Təmsilçi Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar NATO gəmilərinin bu akvatoriyaya daxil olduğunu istisna etməyib.

Montrö konvensiyasına əsasən, qeyri-sahilyanı dövlətlərin hərbi gəmiləri Qara dənizdə 21 gündən artıq qala bilməzlər.