Moskva aeroportlarında 30-dan çox reys ləğv edilib

Region
  • 25 noyabr, 2026
  • 17:32
Moskva aeroportlarında 30-dan çox reys ləğv edilib

Rusiyanın paytaxtı Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında qar səbəbindən 37 reys ləğv edilib, 40 reys isə iki saatdan çox gecikir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, paytaxtın hava limanları təyyarələri qəbul etməyə və yola salmağa davam edir.

Bu gün 538 reys həyata keçirilib. Təyyarələrə və sərnişinlərə operativ xidmət göstərmək üçün əlavə heyət cəlb olunub. Uçuş-enmə zolaqları mütəmadi olaraq xüsusi kimyəvi maddələrlə təmizlənir.

Moskvada və Moskvaətrafında sarı hava təhlükəsi səviyyəsi qalmaqdadır. Günün sonuna qədər paytaxtda qarın hündürlüyü 7-12 sm-ə qədər artacaq. Şəhər yollarında buzlanma və qar yığınları müşahidə olunur. Nəqliyyat departamenti qar yağışının noyabrın 28-inə dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.