İSB-nin rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

Maliyyə
  • 25 noyabr, 2026
  • 17:36
İSB-nin rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və müavini Seymur Mirzəyev Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında iştirak ediblər.

Report" İSB-yə istinadən xəbər verir ki, Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrdən sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.

Tədbir çərçivəsində İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub. V.Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə həyata keçirilən institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri, eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsi barədə məlumat verib.

Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar, həmçinin sığortaçıların maliyyə dayanıqlılığı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Bu əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.