Moldovanın keçmiş Prezidenti, hazırda istintaq təcridxanasında saxlanılan İqor Dodon 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin keçmiş deputatı Valeri Naqaçevski bildirib.
Məlumata görə, İqor Dodon korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinir.
“Moldova Cinayət Məcəlləsinin 4 maddəsini pozmaqda şübhəli bilinir. Dodonu 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir”, - Naqaçevski qeyd edib.
Moldovanın keçmiş Prezidenti İqor Dodonun saxlanıldığı Kişineu şəhərindəki istintaq təcridxanasının mühafizəsi gücləndirilib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, bir qrup şəxs həmin ərazidə “Dodona azadlıq!” şüarı ilə piket keçirib.
Xatırladaq ki, Moldovanın keçmiş Prezidenti İqor Dodon mayın 24-də Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.