Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub.
“Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan məhəlləsində tikilən Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Təməli ötən ilin aprelində qoyulan üçmərtəbəli müasir məktəb binasının tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb. Məktəbdə, həmçinin idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer var. Təhsil müəssisəsinin iyirmi ibtidai sinfi və hazırlıq şöbəsinin üç otağı yaxın günlərdə yüzlərlə şagirdi qəbul edəcək.
İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.
Məktəbə bitişik ərazi abadlaşdırılıb, hazırlıq bölməsindəki şagirdlər üçün uşaq meydançası yaradılıb. İbtidai məktəbin girişində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsvirləri olan obelisk ucaldılıb.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər. O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib.
“Kahramanmaraş sakinlərinin gənc nəslinin yetişdirilməsində xidmətlərinə görə Azərbaycanın bütün strukturlarına və şəxsən Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə vilayət təhsil şöbəsinin müdiri qeyd edib. O xatırladıb ki, Heydər Əliyev adına yeni ibtidai məktəbin yerində əvvəllər də təhsil müəssisəsi olub, lakin ötən il baş verən zəlzələ zamanı dağıldığına görə sökülüb.
Qeyd edilib ki, təhsil müəssisəsinə bitişik ərazidə son abadlıq işləri başa çatdırılır, məktəbə dərs vəsaitləri və kitablar gətirilir.
Məktəbin nümayəndələri məlumat veriblər ki, təbii fəlakət zonasında yerləşən digər məktəblərdə şagird yeri çatışmazlığı səbəbindən Kahramanmaraşın digər təhsil müəssisələrindən uşaqların bir hissəsinin Heydər Əliyev adına ibtidai məktəbə köçürülməsi ilə tədris prosesini iki növbədə təşkil etmək mümkündür.
Xatırladaq ki, keçən ilin fevralında episentri Türkiyənin Kahramanmaraş vilayəti olan və ciddi dağıntılar yaradan zəlzələdən sonra Naxçıvan şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 764 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. “Azərbaycan” yaşayış məhəlləsində parkla birlikdə ümumilikdə 14 hektar yaşıllıq zonası salınacaq. Sahəsi 3,5 hektar olacaq parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.