Ermənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri işləyib hazırladıqları və onları həyata keçirməyə çalışdıqları barədə operativ məlumatlar əldə edilib.
Məlum olub ki, bəzi yük avtomobillərinin sürücüləri ilkin razılaşmalara əsasən yanacaq çənlərində daşınması nəzərdə tutulan həcmdən dəfələrlə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Zəngəzur vilayətində fəaliyyət göstərən benzin və dizel yanacağı doldurma məntəqələrinə satırlar.
Yanacaqdoldurma məntəqələri də öz növbəsində müvafiq yanacaq partiyalarını toplayaraq, onu müvafiq qeydiyyata alınmadan Ermənistanda yanacaq tədarükü ilə məşğul olan iri təşkilatlara satırlar.
Məlumata görə, iri təchizatçı şirkətlərin bəziləri müvafiq sənədləri olmadan İrandan gətirilən yanacağı Ermənistanda yenidən satıb, lakin bunu sənədləşdiriblər ki, guya yanacaq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılara çatdırılıb və orada satılıb.
Görülən tədbirlər nəticəsində idxal və təkrar satışla məşğul olan bəzi sahibkarlıq subyektlərinin yanacağın sənədsiz tədarükü və daşınmasında qanun pozuntularına yol verilməsi halları artıq qeydə alınıb. Onlara qarşı müvafiq məsuliyyət tədbirləri görüləcək.