Sentyabrın 22-də İran Prezidenti İbrahim Rəisi və hökumətin bir çox qurumlarının rəsmi internet saytları haker hücumu nəticəsində dağıdılıb.
“Report” xəbər verir ki, bu barədə GünAz TV məlumat yayıb.
Sayta hücum edən "Anonymous" qrupunun üzvləri öz tviter səhifəsində yazıb: “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq”.
Qrup bir müddət əvvəl M.Əminin İranın əxlaq polisinin əməkdaşları tərəfindən döyülərək öldürülməsinə etiraz olaraq İran hökumətinə məxsus internet saytlarını hədəf alacağını açıqlamışdı.
İran rəhbərliyinin internetə məhdudiyyət qoymasından sonra haker qrupu tviterdə yazıb: "Əziz İran, sən interneti bağladın. Biz isə səni bağlayacağıq".
Qeyd edək ki, Tehran bələdiyyəsinə aid saytların bütün alt domenləri "İran xalqının kiberəsgərləri" adlı hakerlər tərəfindən dağıdılıb və Məhsa Əmininin şəkli əsas səhifəyə yerləşdirilib. Məlumata əsasən, son iki gündə hökumətə aid bir çox internet saytları, o cümlədən İran Mərkəzi Bankının, İrşad Nazirliyinin, hökumətin rəsmi internet saytını və İran hökuməti sözçüsünün saytını sındırılıb.
Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.