Bakı. 13 yanvar. REPORT.AZ/ İran Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmini saxlayıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Pentaqon Küveytdən Bəhreynə gedən gəmilərlə əlaqəni itirib.
Qeyd olunur ki, Amerika gəmilərinin heyət üzvləri təlimlərdə iştirak edirlərmiş. İlkin məlumatlara görə, onlar İran suları ərazisinə gəmilərdə yaranan nasazlıq səbəbindən düşüblər. Hərbi texnikanı İslam Respublikasının sahil mühafizəsi saxlayıb.
ABŞ-ın dövlət katibi Con Kerri artıq İranın rəsmi şəxsləri ilə telefon əlaqəsi yaradaraq dənizçiləri azad etməyə cəhd göstərib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Kerrini telefon söhbəti zamanı məsələnin tezliklə yoluna qoyulacağına əmin edib.
Saxlanılan hərbi gəmilərdə 10 dənizçinin olduğu bildirilir.