Hakan Fidan: Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərimizi davam etdirəcəyik - ƏLAVƏ OLUNUB
- 15 yanvar, 2026
- 14:22
Türkiyə Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərini davam etdirəcək.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qəzzada baş verən hadisələr 2025-ci ilin ən ağır gündəmini təşkil edib:
"Bu gün qlobal idarəetmə sistemi Qəzzadakı vəziyyətə görə sinifdə qalıb. Biz qarşıdakı dövrdə atəşkəsin davamlı sülhə çevrilməsi üçün səy göstərməyə davam edəcəyik".
Nazir həmçinin bildirib ki, Türkiyə 2025-ci ildə Rusiya-Ukrayna müharibəsinin həlli üçün səy göstərib.
H.Fidan Suriyanın beynəlxalq arenaya inteqrasiyasını da 2025-ci ilin mühüm hadisəsi kimi qiymətləndirib. O qeyd edib ki, hazırda Türkiyənin bu ölkədə diqqət yetirdiyi əsas məsələ "Suriya Demokratik Qüvvələri"dir:
"ABŞ bu məsələdə ciddi vasitəçi funksiyasını həyata keçirir, ikitərəfli və üçtərəfli görüşlər olur. Burada Suriya Prezidentinin açıqlamalarından da görünür ki, YPG tərəfində bir niyyət, iradə problemi var. Mənim dəyərləndirməm belədir ki, görüşlərin xoş niyyətlə davam etdirilməsini, ancaq qarşı tərəfdə yanaşma problemi gördükdə, hökumətin suveren hüququ olan öz ölkəsində sabitliyi təmin etmək üçün addımlar atacağını görürəm. Lazım gəldikdə hökumətin güc tərbiq etməsi mümkün ola bilər. Ümid edirəm ki, vəziyyət o həddə çatmaz. Amma çıxış yolu tapmadıqda bu yola əl atıla biləcəyini düşünürəm".