“Əgər bir insan aclıq etdiyini bildirirsə, o, yarım kiloqram bal yeməməlidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvilinin aclıq aksiyasına münasibət bildirərkən deyib.
O, eks-prezidentin aclıq aksiyasını sirk və şou adlandırıb: “Məhbus Saakaşvilinin əsas məqsədi yerli seçkilərin ikinci turu öncəsi ölkədə müəyyən mənada gərginlik yaratmaqdır. Onlar ictimaiyyətə nümayiş etdirmək istəyirlər ki, məhbus Saakaşvili ağır xəstədir”.
Baş nazir bildirib ki, peşəkar həkimlər M.Saakaşvilinin sağlamlıq durumunu nəzarətdə saxlayırlar, onun səhhəti qənaətbəxşdir.
Qeyd edək ki, ötən gün sabiq dövlət başçısının şəxsi həkimi Nikoloz Kipşidze pasiyentinin vəziyyətinin pisləşdiyini bildirib.
M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.