Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının prezidenti Şarl Mişelə müxalifətin etiraz aksiyaları keçirmək üçün dəstək tapmaqda çətinlik çəkdiyini bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, İrakli Kobaxidze Budapeştdə bu barədə Ş.Mişellə görüşündən sonra jurnalistlərə deyib.
“Şarl Mişelə Gürcüstandakı vəziyyət, o cümlədən müxalifətin xalqın dəstəyinə malik olmaması haqqında məlumat verdim. Mənim fikrimcə, belə bir şəraitdə hadisələr dörd il öncəkinə nisbətən daha asan inkişaf edəcək, çünki müxalifətin resursları yoxdur. Ona həmçinin dedim ki, hər cür müzakirəyə açığıq. Bu, bizim açıq mövqeyimizdir”, - Baş nazir deyib.
İrakli Kobaxidze Macarıstanda Avropa siyasi icması sammiti çərçivəsində Avropa liderləri ilə görüşlərini davam etdirir.