Gürcü politoloq: Qərb Cənubi Qafqaza təsir rıçaqlarını əldən vermək istəmir

Gürcü politoloq: Qərb Cənubi Qafqaza təsir rıçaqlarını əldən vermək istəmir Qərb Cənubi Qafqaza təsir riçaqlarını əldən vermək istəmir. Ona görə də Gürcüstandakı “beşinci kolon”a dəstək verib ölkənin daxili məsələlərinə qarışaraq güc sahibi olmaq istəyir.
Region
6 Sentyabr , 2024 16:39
Gürcü politoloq: Qərb Cənubi Qafqaza təsir rıçaqlarını əldən vermək istəmir
Levan Mamaladze

Qərb Cənubi Qafqaza təsir riçaqlarını əldən vermək istəmir. Ona görə də Gürcüstandakı “beşinci kolon”a dəstək verib ölkənin daxili məsələlərinə qarışaraq güc sahibi olmaq istəyir.

Bu sözləri "Report"un Gürcüstan bürosuna politoloq Levan Mamaladze deyib.

O bildirib ki, Azərbaycana qarşı da dəfələrlə belə cəhdlər olsa da, ölkə müdaxilələri məhv etməyi bacarıb. Heç nəyə nail ola bilməyən Qərb üçün növbəti hədəf Gürcüstandır:

"Qərbin Gürcüstandakı seçkilərə konkret müdaxiləsinin olacağını bilirik. Bunun qarşısını almaq üçün də parlament “Xarici təsirin şəffaflığı” haqqında qanunu qəbul etdi. Bu qanun məhz Gürcüstanda keçiriləcək parlament seçkilərində xarici müdaxilənin qarşısının alınması üçün atılan addım idi. Bu qanun Qərbin müdaxiləsini nisbətən zəiflətdi. Amma qarşıda seçkilər var. Onun üçün də Qərb QHT və media subyektlərini aktiv maliyyələşdirməyə başlayıb. Onlar başa düşür ki, biz bu təhlükəni zərərsizləşdirsək öz suverenliyimizi qorumuş olacağıq. Ona görə də bu seçkilər bizim üçün çox önəmlidir. İnanıram ki, gürcü xalqı layiq olana səs verəcək və ölkəsinin suverenliyini qoruyub saxlayacaq. Gürcüstanda hakimiyyət çevrilişi planı olan Qərbə bunu imkan verməyəcəyik".

L.Mamaladzenin sözlərinə görə, Qərb bilir ki, Gürcüstan indiki zamanda bütün ölkələrlə sıx iqtisadi əlaqələri qurur və çox böyük gələcəyi var. Xüsusilə də Çinlə yeni imzalanmış müqavilələri və ortaq layihələri buna nümunə kimi göstərmək olar:

"Çin Avropaya Gürcüstan və Azərbaycan üzərindən çıxış etməyi planlaşdırır. Qərb də Çinin Azərbaycan və Gürcüstana investisiya yatırmamasına çalışır. Onlar başa düşürlər ki, belə olan halda bu iki ölkə daha da güclənəcək. Bu prosesin qarşısını almaq üçün Gürcüstanda hakimiyyəti ələ keçirmək istəyirlər".

Politoloq deyib ki, artıq öncədən planlaşdırmaq olar ki, xalq öz inandığı partiyaya - hakim “Gürcü Arzusu” partiyasına səs verəcək:

"Qalib hakim partiya olacaq. Beşinci kolonun hazırkı partiya qarşısında heç bir şansı yoxdur. Seçkilərdən sonra isə Qərb bəyanatlar yayacaq və seçkiləri saxta adlandırıb, yürüşlər təşkil edəcək. Çıxışlar, çevriliş cəhdləri olacaq, amma bunun təbii ki, heç bir nəticəsi olmayacaq. Digər tərəfdən də bizə sanksiyalar tətbiq edəcəklər. Amma Çinlə imzalanan müqavilələr düşünürəm ki, Gürcüstanı bu çətin vəziyyətdə sığortalayacaq. Bir sözlə deyə bilərəm ki, Qərb Azərbaycanda olduğu kimi, Gürcüstanda da öz çirkin istəyinə nail ola bilməyəcək".

Son xəbərlər

Orphus sistemi