Ermənistanın keçmiş müdafiə naziri: “Baş nazirin ordunun təminatına dair bəyanatı ilə razı deyiləm”

Region
  • 01 avqust, 2023
  • 11:42
Ermənistanın keçmiş müdafiə naziri: “Baş nazirin ordunun təminatına dair bəyanatı ilə razı deyiləm”

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanın Ermənistan ordusunun istədiyi hər şeyi alması ilə bağlı bəyanatı ilə razılaşmır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

“Hökumət üzvü kimi baş nazirin qarşısında real məsələlər qaldırmışam. Həmin məsələlərə konkret cavablar almışam. Mən etimad mühitində işləmişəm, amma bu bəyanatı qəbul etmirəm”, - D.Tonayan bildirib.

Sabiq nazir Ermənistan hökuməti başçısının 44 günlük müharibə zamanı atdığı addımları şərh etməkdən imtina edib və bunun komissiyanın işi olduğunu qeyd edib: “Həmin günlərdə mən onun tabeliyində idim və böhran dövründə taktiki tapşırıqları həll edirdim. Odur ki, siyasi məsələlərdən uzaq idim. Keçmiş müdafiə naziri kimi mənim qiymət verməyim düzgün deyil”.

Qeyd edək ki, D.Tonoyan İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olub. O, hazırda həbsdədir.