Bakı. 15 yanvar. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə vasitəsi ilə yaydığı mesaj məni və dostlarımızı məyus etdi”.
“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Türkiyə ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında danışan R.T.Ərdoğan xatırladıb ki, yanvarın 14-də D.Trampla telefonda Suriya məsələsini müzakirə edib: “Aramızda konstruktiv söhbət oldu. Donald Tramp ABŞ hərbçilərini Suriyadan çıxaracaqlarını təsdiqlədi. Təhlükəsizlik bölgəsi olaraq 20 mil məsafədən danışdı. Bu da 30 km-dən artıq dərinlikdə olan bir təhlükəsizlik bölgəsi deməkdir. Heç bir dini və etnik qrupa fərq qoymadan Suriyadan olan qaçqınlara qucaq açdığmızı, PKK/YPG-PYD terrorçularının isə bütün etnik və dini qruplara zülm etdiyini ona çatdırdım. Bu barədə hesabatları onun müşavirlərinə təqdim etdiyimizi də söylədim. ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 75 milyard dollara çatdırmaq barədə hədəfimizi reallaşdımaq üçün daha sürətli addımlamağımız barədə razılığa gəldik”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.