Ərdoğan Türküstanda TDT-nin qeyri-rəsmi sammitində iştirak edəcək - YENİLƏNİB
- 15 aprel, 2026
- 14:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Türküstanda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
"Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı məlum olub.
Kasım-Jomart Tokayev Qazaxıstana ilk dəfə səfər edən Cevdet Yılmazı salamlayaraq Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu qeyd edib.
Cevdet Yılmaz göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Rəcəb Tayyib Ərdoğanın səmimi arzularını Kasım-Jomart Tokayevə çatdırıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti mayın 14-də Qazaxıstana qarşıdakı səfərinə və Türküstanda TDT-nin qeyri-rəsmi sammitində iştirakına xüsusi önəm verir.
Qeyd edək ki, TDT-nin qeyri-rəsmi sammiti mayın 15-də Türküstanda keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana dövlət səfəri edəcək.
"Report" Qazaxıstan Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Türkiyə və Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 14-cü iclası zamanı məlum olub.
Səfərə hazırlıq çərçivəsində ölkələr ikitərəfli qarşılıqlı fəaliyyətin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Danışıqları Qazaxıstanın Baş naziri Oljas Bektenov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz aparıblar.
"Bizim ticari-iqtisadi və investisiya əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Türkiyə Qazaxıstanın beş əsas ticarət tərəfdaşından biridir. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 9% artıb. Qazaxıstan mallarının ixracı 17,7%-dən çox artaraq 3,9 milyard dollara çatıb. Qazaxıstan Hökuməti yüksək əlavə dəyəri olan məhsullara istiqamətlənməklə ticarət strukturunun şaxələndirilməsi üzrə birgə işə maraq göstərir", - Bektenov deyib.
Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın hazırkı iclasına qarşıdakı dövr üçün ticari-iqtisadi münasibətlərin yol xəritəsinin formalaşdırılmasına yönəlmiş strateji məsləhətləşmələr üçün baza kimi baxılır.