Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında “15 İyul Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü" adlı konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdi ilə əlaqədar video nümayiş etdirilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, FETÖ-nün arxasındakı güclər onun yox olmasına imkan vermir: "Mövcud olduğumuz bütün ölkələrdə bayrağımız sülhün təminatçısıdır. FETÖ-nü gözdə kiçiltmək olmaz. Arxasındakı güclər onun yox olmasına imkan vermir və bu terrorçu təşkilat hələ də fəaliyyət göstərir. FETÖ qlobal imperializmin kuklası kimi fəaliyyət göstərir. Buqələmun kimi rəng dəyişənləri yaxşı tanımalı və fəaliyyətlərinə var gücümüzlə mane olmalıyıq. Haqlı mübarizəmizi davam etdirməliyik və etdirəcəyik".
Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri, 1-ci dərəcəli polis rəisi Mustafa Çakır isə qeyd edib ki, hazırda FETÖ işi ilə əlaqədar həbs edilənlərin sayı 13 min civarındadır, ancaq proses hələ davam edir.
Xəzər Universitetinin Türk İslam Araşdırmaları Mərkəzi müdiri Telman Nüsrətoğlu isə diqqətə çatdırıb ki, Qərb ölkələrində FETÖ bu gün himayə görməkdədir. Amerikada əsaslı təsisatları var.
Tədbir Quran və dua oxunması ilə başa çatıb.