Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin görüşü olub, potensial əməkdaşlığa dair baxışlar təqdim edilib - YENİLƏNİB-3

Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin görüşü olub, potensial əməkdaşlığa dair baxışlar təqdim edilib - YENİLƏNİB-3 Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.
Region
17 aprel 2025 17:01
Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin görüşü olub, potensial əməkdaşlığa dair baxışlar təqdim edilib - YENİLƏNİB-3

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.

"Report" xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan-Gürcüstan-Ermənistan Üçtərəfli Görüşünə dair Birgə Mətbuat məlumatına əsasən, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.

Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.

Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər. 

13:53

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş başa çatıb.

Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.

12:00

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "İmedi news" məlumat yayıb.

Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

Qeyd edilib ki, görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.

Danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaqan Kostanyan təmsil edir.

"Bugünkü üçtərəfli görüş mövcud olan hər hansı bir əməkdaşlıq formatına zidd deyil və onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq üçün əlavə səylərini ifadə edir", - Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

09:30

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.

Orphus sistemi