Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əsas sahələr nəqliyyat, strateji əhəmiyyətli xammal, rəqəmsal infrastruktur və enerjidir.
“Report” xəbər verir ki, bunu Aİ-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela Özbəkistanın “Dunyo” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) strateji əhəmiyyətli nəqliyyat sektorunda ikitərəfli əməkdaşlığın əsas elementidir: "Orta Dəhliz vasitəsilə Avropa və Asiya arasında yüklərin daşınma müddəti təxminən 15 günə qədər azalacaq və ticarət stimullaşacaq".
Mühüm əhəmiyyət kəsb edən xammaldan bəhs edən Avropa Komissarı vurğulayıb ki, Qazaxıstan və Özbəkistan litium və mis kimi resursların əsas tədarükçülərinə çevrilə bilər: "Biz bu materialların davamlı hasilatına və emalına investisiya yatırmağı, sabit təchizat zəncirləri təmin etməyi və keyfiyyətli iş yerləri yaratmağı təklif edirik".
Onun sözlərinə görə, digər bir prioritet rəqəmsal əlaqədir: "Məsələn, bizim peyk internet layihəmiz Mərkəzi Asiyanın ucqar bölgələrində etibarlı yüksək sürətli bağlantı təmin edə, gündəlik həyatı və yerli iqtisadiyyatı yaxşılaşdıra bilər.
Bundan əlavə, Tacikistanın Roqun su elektrik stansiyası (SES) və Qırğızıstandakı “Kambarata-1” kimi su və enerji resurslarının idarə edilməsi üzrə layihələr regionun hidroenerji sahəsində potensialını tam açan əsl dönüş nöqtələridir. Layihələr regional sabitliyi gücləndirə, təmiz enerji istehsalını stimullaşdıra və yerli iqtisadi artımı dəstəkləyə bilər".