ABŞ Qazaxıstana Rusiyaya qarşı sanksiyalara riayət edilməsinə və bu cür siyasətin ölkə üçün iqtisadi fəsadlarını minimuma endirməyə kömək etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin və Ticarət Nazirliyinin nümayəndələrinin aprelin 23-26-da Qazaxıstana səfərinin yekunları üzrə cümə axşamı yaydığı hesabatda deyilib.
“Nümayəndə heyətinin üzvləri məlumat mübadiləsi, strateji prioritetləri müəyyən etmək və sanksiyaların tətbiqi, həmçinin bunun Qazaxıstan üçün iqtisadi fəsadlarının minimuma endirilməsinə köməklik təklif etmək üçün hökumət və özəl sektor nümayəndələri ilə görüşüblər”, - sənəddə deyilib.
Nümayəndə heyətinə maliyyə cinayətləri ilə mübarizəyə cavabdeh olan Xəzinədarlıq katibinin köməkçisi Elizabet Rozenberq və ixraca nəzarət məsələlərinə nəzarət edən ticarət nazirinin köməkçisi Metyu Akselrod daxil olub. Onlar Astananı “sayıq olmağa” çağırıb və Vaşinqtonu “ən çox narahat edən ikili təyinatlı mal axınını” müzakirə ediblər. Akselrodun fikrincə, Qazaxıstan ərazisindən Rusiyaya “raketlər və dronlar üçün yarımkeçiricilər və digər elektron inteqral sxemlər”in tədarükünün qarşısını almaq lazımdır.