Xətainin icra başçısı Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıq işlərindən danışdı

Xətainin icra başçısı Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıq işlərindən danışdı "Ana fəryadı" abidəsinin yerləşdiyi 1 050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri davam edir
Qarabağ
15 Fevral , 2021 17:19
Xətainin icra başçısı Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıq işlərindən danışdı
Rafiq Quliyev

Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, "Ana fəryadı" abidəsinin yerləşdiyi 1 050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri davam edir.

Bunu "Report"a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı hazırlıq işlərinə ayın əvvəlindən başlanılıb: "Ümumiyyətlə, bu ərazi həmişə bizim tərəfdən diqqətdə, nəzarətdə saxlanılır. Çünki bura insanların ən çox gəldiyi yerlərdən biridir. Ona görə də insanların həm abidəni ziyarət etməsi, həm də parkda istirahət etməsi ilə əlaqədar olaraq, bura digər parklar kimi həmişə diqqətimizdə olub. Əlbəttə, 26 fevral ərəfəsində ərazidə təmizlik-abadlıq işləri görülür. Burada dekorativ ağac və gül kolları əkiləcək. Eləcə də bütün park boyu mövsümi güllər əkiləcək. Bəzi dizaynda bir qisim dəyişikliklər olunacaq. Həmişə olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqrıma aid bannerlərin vurulması nəzərdə tutulur. Hazırda işıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır. Təxminən ayın 20-dək bütün hazırlıq işləri başa çatacaq".

Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. Sonralar isə həm abidə kompleksin özündə, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib, "Ana fəryadı" heykəlinin mövzusu saxlanılmaqla forması yeniləşdirilib. Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub. Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. Günlüklər, oturacaqlar quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi