Xankəndi-Laçın yolunda aksiya davam edir, iştirakçılar ekologiyanı qorumağa çağırırlar

Xankəndi-Laçın yolunda aksiya davam edir, iştirakçılar ekologiyanı qorumağa çağırırlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günün ikinci yarısında da davam edir.
Qarabağ
6 Yanvar , 2023 16:50
Xankəndi-Laçın yolunda aksiya davam edir, iştirakçılar ekologiyanı qorumağa çağırırlar

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günün ikinci yarısında da davam edir.

"Report"un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!" "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər, milli vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.

Əhvali-ruhiyyələri yüksək olan ekofəallar və könüllülər üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 18 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 26 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi