Vida məktubunda qəhrəman olacağını yazan şəhid kapitan

Vida məktubunda qəhrəman olacağını yazan şəhid kapitan Vətən müharibəsində şəhid olan hər bir hərbçimizin həyatı ilə yaxından tanış olduqda, keçdiyi ömür yolunu vərəqlədikdə onların necə vətənpərvər, mərd, cəsur, əsl vətəndaş olduqları insanın gözləri qarşısında canlanır.
Qarabağ
12 Dekabr , 2020 13:19
Vida məktubunda qəhrəman olacağını yazan şəhid kapitan

Video əlavə olunub

11 dekabr 22:16

Vətən müharibəsində şəhid olan hər bir hərbçimizin həyatı ilə yaxından tanış olduqda, keçdiyi ömür yolunu vərəqlədikdə onların necə vətənpərvər, mərd, cəsur, əsl vətəndaş olduqları insanın gözləri qarşısında canlanır. Belə igidlərimizdən biri də şəhid Əsəd Fərhad oğlu Həsənovdur.

“Report”un Aran bürosu xəbər verir ki, Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində doğulub. Evin tək oğlu olub, hələ altıncı sinifdə oxuyarkən valideynlərinə hərbçi olmaq arzusunu bildirib.

Anası Mələk Həsənova deyir ki, Əsəd hələ uşaq yaşlarında məğrurluğu, qürurlu olması ilə seçilib: "Bir gün böyüyəndə hərbçi olmaq arzusunu bildirdi: "Ana, hərbçi əsl kişi sənətidir". Dedim, Allah xeyrini versin! Niyyətin hara, mənzilin də ora”.

Əsəd arzusuna qovuşur - hərbi təhsil alır. Xidməti vəzifəsini cəsur zabit kimi ön cəbhədə yerinə yetirir. Çox keçmədən özünü peşəkar zabit kimi tanıtdırır.

Vətən müharibəsinin başladığı 27 sentyabrda Əsəd telefonda doğmalarına bu sözləri yazaraq vidalaşır: “Hər birinizi öpür, bağrıma basıram. Özünüzdən muğayat olun! Balalarımıza yaxşı baxın! Onları sizə tapşırıram! Oğlum Hüseyn həmişə mənimlə fəxr etsin. Atası qəhrəman olacaq”.

O, müharibənin od-alovundan keçir. Artileriya dəstəsi ilə düşmənin postlarını dağıdır, xeyli zirehli texnikasını və canlı qüvvəsini məhv edir. Sonuncu dəfə oktyabrın 1-i səhər saatlarında valideynləri ilə telefonla danışır. Bu onun son danışığı olur.

Həmin gün düşmənin minamyotdan atdığı mərmi Əsədin yaxınlığında partlayır. Otuz iki yaşlı kapitan Əsəd Həsənov bu döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Doğulduğu kənddə qəbristanlıqda dəfn edilir. Başdaşı üzərində son vida sözləri həkk olunur.

“Həmin gün telefon zəngini gözlədim, zəng gəlmədi. Axşam telefonum zəng çaldı. Bacısı, həyat yoldaşı, uşaqlar – hamı ağlayırdı. Bacısı dedi ana, Əsəd şəhid olub”,- Mələk Həsənova əlavə edir.

Atası Fərhad Həsənov deyir ki, övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirir.

“Övlad itkisi valideyn üçün ağırdır. Amma Xocalı faciəsini gözümüzün qarşısına gətirəndə, heç öz canıma da heyfim gəlmir, nəinki övladıma”.

Şəhid zabitimizin özündən sonra iki övladı yadigar qalıb. İllər keçsə də bütün şəhidlərimiz kimi Əsədin də adı heç vaxt unudulmayacaq, xalqımızın qan yaddaşında əbədi qalacaq.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi