"Azərbaycan müstəqillik, ərazi bütövlüyü uğrunda necə mübarizə aparılmasının bariz nümunəsini göstərib. Doğrudur, Birinci Qarabağ müharibəsindən sonra problemlər var idi. Azərbaycan dövləti, Prezidenti düzgün nəticələr çıxardı. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına, yeni hərbi texnika və silahların alınmasına üstünlük verildi, qələbə əldə olundu".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin polkovniki Volodimir Laquta bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəlilədi:
"Buraya hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı yanaşma da daxildir. Bir sözlə, Azərbaycan hər zaman milli maraqlarını qoruyub. Odur ki, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəlilədi. Nəticədə o, tarixi ədaləti bərpa etdi. Bəli, bunun üçün uzun müddət, düz 30 il lazım oldu. Bəli, Azərbaycanda bütöv nəsillər, ailələr faciə ilə üzləşdi. Bir çoxlarının Qarabağda evləri, qohumları var idi. Gənc olarkən yurdlarından didərgin düşmüş, amma yaşlı vaxtlarında öz torpaqlarına qayıdan azərbaycanlılarla bağlı videokadrlar görmüşəm. Nəticədə onların hansı hisslər keçirdiyinin şahidi olmuşam. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə Azərbaycanın Dövlət Bayrağını qaldırması ilə bağlı videokadrlar görmüşəm. Bu, azərbaycanlılar üçün qürur mənbəyidir".
V.Laquta vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə sevinc hissləri yaşayıb:
"Bu, bir dövlətin öz milli maraqlarını necə qorumasının parlaq nümunəsidir. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq istəyən ilk ölkələrdən biri olub. Amma müstəqillik qazandıqdan sonra qanlı müharibə ilə üzləşdi. Birinci Qarabağ müharibəsində nələrin yaşandığını yaxşı xatırlayırıq. Bu müharibədə ukraynalılar da iştirak edib. Buraya azərbaycanlıların evakuasiyası ilə məşğul olmuş helikopterlərin pilotları daxildir. Onlar Azərbaycanın milli qəhrəmanlarıdır. Beləliklə, Azərbaycan xalqını bu tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqı üçün böyük qələbədir", - deyə, o əlavə edib.