Türkiyənin “TRT World” telekanalı Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı reportaj hazırlayıb.
“Report” xəbər verir ki, telekanalın mitinq yerində olan müxbiri xəbər verir ki, aksiya iştirakçıları pankartlar tutaraq və şüarlar səsləndirərək, Azərbaycanın azad edilmiş ərazilərində təbiəti qorumağa, yataqların ətraf mühitə ziyanlı və qanunsuz istismarına son qoymağa çağırırlar.
Müxbir vurğulayıb ki, aksiyaya baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolu ilə dəfələrlə maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 32 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.