Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları: "Dinc ermənilərə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazırıq"

Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları: "Dinc ermənilərə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazırıq" Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları Qarabağın dinc erməni əhalisinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.
Qarabağ
14 Dekabr , 2022 12:24
Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları: Dinc ermənilərə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazırıq

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları Qarabağın dinc erməni əhalisinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası şüarlar və çağırışlarla davam edir.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını çağırışlarında bəyan edirlər. Ekofəallar bir neçə gündür bu məqsədlə yardım təklif etdiklərini vurğulayırlar. Onlar əlaqə nömrələrini internet vasitəsilə yaysalar da, ancaq müraciət edən olmayıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi