Sumqayıtda şəhidin xatirə bulağının açılışı olub

Sumqayıtda şəhidin xatirə bulağının açılışı olub Azərbaycan Ordusunun Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, şəhid Şəhriyar Quliyevin xatirəsi əbədiləşdirilib
Qarabağ
409
25 May , 2021 18:08
Sumqayıtda şəhidin xatirə bulağının açılışı olub

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri Şəhriyar Quliyevin xatirəsi əbədiləşdirilib.

“Report” xəbər verir ki, bu gün Sumqayıtda şəhidin adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimindən əvvəl Ş.Quliyevin döyüş yoldaşları, ailə üzvləri və yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.

Daha sonra Ş.Quliyevin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Bildirilib ki, təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini, bir neçə texnikasını məhv edən Ş.Quliyev Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib.

İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızın düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır.

Qeyd olunub ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Qeyd edək ki, Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Ş.Quliyev oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, iki oğlu yadigar qalıb.

Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ş.Quliyev "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi