“Mina problemi həll edildikdən sonra Qarabağ turistlər üçün populyar məkana çevriləcək”.
“Report” xəbər verir ki, bu barədə Avstraliyadan olan filippinəsilli səyyah Dondon Beyls danışıb.
O qeyd edib ki, bu, onun Qarabağ regionuna ilk səfəridir: “Bu səfər sayəsində ötən əsrin 90-cı illərində regionda baş verən hadisələri, hər iki Qarabağ müharibəsi haqqında daha ətraflı məlumat aldım. Özüm səyahətin böyük pərəstişkarıyam, bir çox ölkədə olmuşam. Qarabağa gəlincə, buradakı mənzərələr valehedicidir və gördüklərim məni heyran edib”, - o vurğulayıb.
Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.
Xatırladaq ki, noyabrın 4-6-da beynəlxalq nümayəndə heyəti Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində olublar.
Səfərin sonuncu günü səyyahlar Cəbrayılda Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olub, həmçinin Ermənistanın işğalı dövründə Füzulidə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.