“Noyabrın 8-i Azərbaycan xalqının tarixində erməni separatçıları üzərində qələbəni və Ermənistanın Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin qarşısının alınmasını qeyd etdiyi böyük bir gündür”.
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
“Ən diqqətçəkən məqam isə paradın Xankəndidə baş tutmasıdır ki, bu da İrəvanın planlarının tam iflasa uğradığını nümayiş etdirir”, - o qeyd edib.
“İndi xalqın rifahını daha da yaxşılaşdırmaq, əvvəllər işğal altında olan əraziləri tərk etmiş insanların geri qaytarılması, onların yaşaması və işləməsi üçün şərait yaratmaq qalır. Prezident İlham Əliyev hər şeyin öhdəsindən layiqincə gələcək. Azərbaycan xalqına uğurlar arzulayıram”, - Y.Mixaylov bildirib.
Digər rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Report”a açıqlamasında Xankəndidəki paradın qaliblərin paradı olduğunu deyib: "Azərbaycan indi qalib, qələbə hissi ilə yaşayan xalqdır".
"Mən Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm və parlaq qələbə münasibətilə təbrik edirəm. Bu, dünyada misilsiz bir hadisədir. Bu, Azərbaycanın nokautla qazandığı təmiz qələbədir. Bütün dünya Azərbaycanın onilliklər boyu qarşısında duran bu problemi necə həll etdiyini gördü”, - S.Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan nəinki Qarabağı geri qaytardı, o, Cənubi Qafqazın əsas ölkəsinə çevrildi: “Bütün bunlar Azərbaycan xalqının əməyi və Azərbaycan əsgərinin şücaəti ilə baş verdi”.