“YAŞAT” marafonu dünyaya tək ölkəmizdə yaşayan azərbaycanlıların deyil, digər yerlərdə yaşayan azərbaycanlıların gücünü, birliyini dünyaya çatdırır".
Bunu "Report”a açıqlamasında yazıçı, şair Ramiz Rövşən deyib.
Onun sözlərinə görə, keçiriləcək marafon mahiyyətcə çox gözəl və uğurlu addımdır:
"Əvvəla, onu qeyd edim ki, sonu qələbə ilə bitən 44 günlük müharibə bizim ən şərəfli tariximizdir. Bu müharibə həm də bizim sözün əsl mənasında milli birliyimizin göstəricisi idi. İndi keçirilən marafon isə bizim birliyimizi bütün dünyaya göstərəcək. Mən Avropada və bir çox ölkədə yaşayan alimlərimizi, həmvətənlərimiz tanıyıram ki, onlar Azərbaycanda yaşamasa da, ürəyi Azərbaycanla döyünür. Onlar birbaşa olaraq, Azərbaycanın təmsilçiləridir. Marafon isə dünyaya tək ölkəmizdə yaşayan azərbaycanlıların deyil, digər yerlərdə yaşayan azərbaycanlıların gücünü, birliyini dünyaya çatdırır".
Şair hesab edir ki, keçirilən marafon təkcə, maddi və siyasi aksiya deyil, eyni zamanda bizim mənəvi gücümüzün, birliyimizin göstəricisidir.