Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir

Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir Loqotip sadə olmalıdır
Qarabağ
24 May , 2021 15:11
Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun və Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra qarşımızda işğaldan azad edilən torpaqların bərpası, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi kimi mühüm vəzifələr dayanır.

Bu barədə "Report"a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan, vahid platformadır.

Öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Fond hər kəsi özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanmasında iştirak etməyə dəvət edib.

Onun arxasında olan ideyanı aşağıdakı “açar sözləri” ilə təsvir etmək olar:

- Ruhlandırıcı;

- Qarabağın rəmzi dəyərlərini əks edən;

- İnkişaf, dirçəliş, müasirlik və rifahı ehtiva edən.

Fonddan qeyd olunub ki, loqotip sadə olmalıdır. Bildirilib ki, dizaynının hazırlanmasında isə Qarabağ Dirçəliş Fondunun məqsəd və vəzifələrini, yuxarıda qeyd olunan konseptini özündə əks etdirməsi şərtilə heç bir məhdudiyyət qoyulmur.

"Daha öncə hər hansı bir yerdə istifadə olunmuş loqotipin təqdim edilməsi yolverilməzdir. Loqotipin qısa, izahedici mətnlə birlikdə göndərilməsi arzuolunandır. Hazırlanan işlər ad, soyad, əlaqə nömrəsi də əlavə edilməklə [email protected] elektron ünvanına göndərilməlidir. Ən yaxşı layihələr rəsmi loqotipin seçilməsi zamanı Fondun rəhbərliyi tərəfindən nəzərə alınacaq. Seçilən loqotipin müəllifi isə Fond tərəfindən mükafatlandırılacaq. Rəsmi loqotipin seçilməsi haqqında son qərarı daxili prosedurlara uyğun olaraq Fondun rəhbərliyi verəcək", - məlumatda bildirilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun hazırda istifadə etdiyi loqotip müvəqqətidir.

Son xəbərlər

Orphus sistemi