Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev deyib:
- Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.
Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.
Əvvəlcə Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu.
Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənd rayonuna yola düşdülər.
Prezidenti İlham Əliyev: Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən Xocavənd rayonuna gedirik. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə - birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.
Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!
Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır.
Bura işğaldan azad edilmiş Xocavənd rayonudur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı və çıxış etdi.
Prezident İlham Əliyev çıxış edib.
- Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.
Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.
Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.
Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır.
Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!
Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoydu.
Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında oldular.
Dövlətimizin başçısı dedi: Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!
Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki Alban məbədi ilə tanış olublar.
Prezident İlham Əliyev dedi:
-Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.
İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.
Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində oldular.
Prezident İlham Əliyev: Tuğ kəndinə kəndinə gəlmişik. Tuğ kəndi qədim Azərbaycan kəndidir.
Birinci xanım Mehriban Əliyeva: Budur məktəbin binası?
Prezident İlham Əliyev: Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.
Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Buradan bütün dağıntılar yaxşı görsənir.
Təbii ki, Tuğ kəndinin sakinləri öz evlərini tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar.
Görün, Azərbaycan necə də gözəldir. Qarabağ necə də gözəldir. Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik.
Dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində oldular.
Prezident İlham Əliyev: Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.
Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə yola düşdülər.
Dövlətimizin başçısı: Tuğ kəndindən çıxdıq, indi gedirik Azıx kəndinə. Azıx da qədim Azərbaycan kəndidir, qədim yaşayış yeridir. Buraların təbiəti də çox gözəldir.
Azıx kəndinə yaxınlaşırıq. Qarabağın gözəl mənzərəsi. Bura Azıx kəndinin ərazisidir.
Azıx mağarasına gedirik, hələ yolumuz uzaqdır.
Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.